Yeniyetmə əxlaqı

Özünüdərketmə barədə rəvayətlər və məqsədlər

Xatırladığımız kimi, özünüdərketmənin əhəmiyyəti barədə Peyğəmbər (s) və məsum İmamlardan maraqlı və ibrətamiz hədislər nəql olunmuşdur.

Onlardan bəzisini nəzərinizə çatdırırıq:

Peyğəmbər(s) buyurur: 

"Kim özünü dərk etsə, Allahı dərk etmişdir". («Məhəccətül-beyza» I c. səh.68; «Əlcəvahirüs-sənəviyyə», Hindistan çapı 1302-ci il səh.93. Bu rəvayət eyni ibarə ilə ibn Əbil Hədidin «Şərhi-nəhcül-bəlağə»sində (Misir çapı XX c, səh.292); «Qürər»in mündəricatında (səh.387/№7946) azca fərqlə həzrəti-Əli(ə)-dən nəql olunmuşdur. Bəzi alimlər bu hədisi təfsir (izah) edərkən xətaya uğramışlar. Onların izahına görə, guya Peyğəmbər(s)-in hədisdən məqsədi budur ki, nəfsi dərk etmək qeyri-mümkün olduğu kimi, eləcə də Allahı dərk etmək qeyri-mümkündür. Amma bu barədə dəfələrlə nəql olunmuş hədislərə diqqət yetirdikdə bu məfhumun səhv bir fikir olması tamamilə aydınlaşır. Məsələn, “Allahı dərk etmək üçün özünü dərk etməlisən.”, “Sizlərdən Rəbbini ən yaxşı tanıyan özünü ən yaxşı tanıyandır.” hədisləri bunun yanlış fikir olduğunu açıq-aşkar göstərir.)

Həzrəti- Əli(ə) buyurur: "Ən üstün dərketmə özünüdərketmədir."

İncildə Allah-təala belə buyurur:"Ey insan! Özünü tanı ki, Rəbbini tanıyasan".

Dərketmə barədə hərə bir yol seçmişdir.  Məsələn, filosoflar fəlsəfi və əqli dəlillərlə mərifət meydanına qədəm qoyaraq onun bəzi mərhələlərinə çıxış yolu tapmış, psixoloqlar təcrübələrlə onun bir neçə cəhəti ilə tanış olmuş, ariflər riyazət (məcburi surətdə özünü bir işə vadaretmə) və mükaşifətlə (ali dərəcələrə yüksəlib həqiqətləri kəşfetmə) bəzi həqiqətləri aşkarlamış, zahidlər və abidlər pəhriz və ibadətlə müəyyən dərəcələrə yüksəlmiş, mücahid və fədailər fədakarlıq və cihad etməklə ali mərtəbələrə yetişmiş, saleh əməllilər isə Allah bəndələrinə xidmət etməklə təqərrüb (Allah dərgahına yaxınolma) və mərifət  vadisinə qədəm qoymuşlar. Xülasə, hərə bir yolla öz itirdiyini axtarır, ona qovuşmaq istəyir. “Qurani-Kərim” də buyurulur:

"Kimə hikmət bəxş etmişsə, ona çoxlu xeyir (əbədi səadət) vermişdir." («Bəqərə»-269)

Həzrəti-Əli(ə) buyurur:  "Hikmət (hər bir şeyi olduğu kimi dərketmə) və mərifət möminin axtardığı itkidir"  

Peyğəmbər(s)-dən belə nəql olunur: "Sizlərdən Allahı ən yaxşı tanıyan, özünü ən yaxşı tanıyandır".

Yuxarıda qeyd etdiyimiz hədis eyni məzmunda başqa bir ifadə ilə o Həzrətdən nəql olunmuşdur.

  Nəhayət, əmirəlmöminin Əli(ə) bu yola qədəm qoymayanları və özünüdərketmə üçün çalışmayanları qəti həlak olmuşlardan hesab edərək buyurur: "Kim özünü dəyərləndirməsə, həlak olacaqdır."

Başqa bir yerdə isə özünüdərketməyə məhəl qoymamağın nəticəsini zəlalət və azğınlıq hesab edərək buyurur: “Kim özünü tanımasa, doğru yoldan uzaqlaşıb cəhalət və zəlalət vadisinə yuvarlanar"

Buna görə də hər kim mərifətə yetişmək üçün heç bir cəhd göstərməyib ona məhəl qoymazsa, özünü düzgün qiymətləndirməmiş, bu yüksək məqamını ucuz satmışdır. Əmirəlmöminin Əli(ə) özünüdərketməni mərifətlərin ən üstünü hesab edərək buyurur:  "Mərifətlərin ən üstünü insanın özünü dərk etməsidir"

    O zaman öz təəccübünü mərifət ardınca getməyən şəxslərə belə izhar edir: "Təəccüb edirəm o şəxsə ki, nəfsini itirib, amma onu axtarmır, həyatda başqa bir şeyin ardınca gəzir."

Həmçinin yenə buyurur: 

"Özünü tanımayan şəxs Allahını necə tanıyar?!"

baxılıb: 8 dəfə