Müəllim və Tələbə Əxlaqı

Məhəbbət və nifrət (Təvəlla və təbərra)

Əxlaq elmində şəhvət və qəzəb kimi təbir olunan məhəbbət və nifrət fəzilətləri kəsb edib, rəzilətləri rədd etmək üçün ən əhəmiyyətli düşüncə, xüsusiyyətdir. İnsan bir şeyi sevməyincə ona tərəf hərəkət etməz və bir şeyə nifrət bəsləməyincə ondan uzaqlaşmaz. İmam Sadiq(ə) buyurur:  "Hər kim özünün xeyir əməlindən xoşhallanıb, pis əməlindən narahat olarsa, o, həqiqətən, mömindir." [1]

 Qısaca desək, məhəbbət və nifrət, dostluq və düşmənçilik, razılıq və narazılıq-bütün bunlar hamısı insan həyatının əsasını təşkil edir. Bu duyğularsız həyat mənasız olub öz sevgi və təravətini itirir. İnsan şəxsiyyəti bu duyğuların əsasında formalaşır. Sədrül-mütəəllihinin təbiri ilə desək, insanları bir-birindən fərqləndirən məhz bu xüsusiyyətlərdir.[2]

“Qurani-Kərim”də bu mətləbə işarə edilərək buyurulur:

"De, hər kəs öz qabiliyyətinə (xislətinə) görə iş görər.." (İsra-84)

Bəziləri belə təsəvvür edirlər ki, yaxşılıqları və pislikləri müəyyənləşdirmək insanların təkamül və inkişaf etməsinə səbəb olur. Və yaxud əksinə, cəhalət və savadsızlıq mənəvi süqut və passivliyə gətirib çıxarır, lakin bu, yanlışdır, çünki bilik nə qədər faydalı və zəruri olsa da kifayət etmir, ona görə ki, istək və iradəsiz xasiyyət yaranmır. Çox alimlər vardır ki, alkaqollu içkilərin və siqaretin zərərləri barədə kitablar yazmış, lakin eyni zamanda da özləri bu kimi şeylərə aludə olmuşlar. Əbəs yerə deməmişlər ki, həyat əqidə və mübarizədən ibarətdir.

Həyatın əqidəsiz və əqidənin də eşqsiz, məhəbbətsiz, yanğısız mənası yoxdur. Deməli, iman məhəbbətdir, məhəbbət də iman. Nə qədər ki, bir şəxs eşqin və məhəbbətin ləzzətini dadmayıb, imanın da ləzzətini bilməz.

İmam Sadiq(ə) "Məhəbbət və nifrət imandandırmı?"-deyə soruşan şəxsə belə cavab verir:  "İman məhəbbət və nifrətdən başqa bir şey deyil."[3] Başqa bir hədisdə İmam Baqir(ə) belə buyurur: "Din məhəbbətdir, məhəbbət də din."[4]  

İmam Sadiq(ə) buyurur: "Elə ki, Allahın məhəbbət nuru bir bəndənin qəlbinə saçıb onun batinini işıqlandırdı, Allahın zikrindən başqa onun qəlbində heç bir şey qalmaz. İlahinin məhəbbəti dedikdə batini cəhətdən insanların ən yaxşısı, danışığında ən doğru danışanı, əhdinə ən vəfalısı, əməl və rəftarında ən əməlisalehi, Allah-təalanı xatırlamaqda ən səfalısı, nəfsani xüzu (təvazökarlıqla ümid birgə) və xüşu (təvazökarlıqla qorxu birgə) cəhətdən ən ibadətkarı nəzərdə tutulur. O, (bu keyfiyyətlərə malik olan şəxs) Allaha münacat edən zaman mələklər onunla fəxr edər, onun gördüklərindən və müşahidə etdiklərindən sevinərlər. Allah-təala belə bəndəsinin vücudunun bərəkəti sayəsində ölkə və şəhərləri abadlaşdırar. Onun alicənablığı vasitəsilə bəndələrinə lütf edər. İnsanlar onların haqqına and verdikdə Tanrı dualarını qəbul edər, lütf və mehribanlıqla bəlaları, çətinlikləri onların üzərindən götürər. Əgər bəşəriyyət Allah məhəbbətinin əzəmət və dərəcəsinin uca Yaradanın dərgahında nə qədər böyük olduğunu başa düşsə, şübhəsiz, onun qədəmləri altda olan torpaqdan başqa bir şeylə Allaha yaxınlaşmaz"[5]

Şübhəsiz, insan zatən camala və kamala aşiqdir. O, gözəllik və yaxşılıqları sevir, pislik və çirkinliklərə nifrət edir. Haqq-təalanın müqəddəs zatı kamal, camal, elm, qüdrət, rəhmət, bir sözlə bütün kamil sifətlərin eyni olduğundan  (bu sadalanan sifətlər sifəti-sübutiyyə adlanır), deməli, bütün sevgilərin başlanğıcı Allah sevgisidir. Hər kim gözəllik və kamal aşiqidir, Onu sevir, hər kim Onu sevirsə, camal və cəlalının məzhərini də  sevər. 

Bu cazibə fitri cazibədir. Heç kəs iradəsindən asılı olmayaraq, həqiqətin, mütləq varlığın, onun gözəllik və camalının cazibəsindən kənarda qala bilməz. Hamı Tanrının elm və qüdrəti qarşısında acizdir. Müqəddəs «Quran»da belə buyurulur: 

"Halbuki göylərdə və yerdə olanlar istər-istəməz Ona (Allaha) təslim olmuşlar.." («Ali-İmran»-83)

"Göylərdə və yerdə kim varsa, (özləri də) kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edər!" («Rəd»-15)

«İftitah» duasında isə belə oxuyuruq:

"Bütün əzizlər izzəti qarşısında xar və zəlildirlər. Bütün böyüklər əzəməti qarşısında təvazökar və heçdirlər.."

Lakin bu cazibə və fitri itaət kifayət deyildir, çünki özünüislahetmə, saflaşdırma və nəfslə mübarizə meydanında ayıqlıq əsas şərtdir. Bu yolda fitri qüvvələri işə salıb ixtiyar və iradə ilə dostun istəyinə təslim etmək lazımdır, çünki təbii və icbari əməllərin Allaha yaxınlaşmada heç bir dəyəri yoxdur.

Allah-təala “Qurani-Kərim”də buyurur: 

"De: Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın" («Ali-İmran»-31)

Allaha məhəbbət əməllə tamamlandığı surətdə dəyərlidir, yəni məşuqunun iradə və istəyini öz istəyindən üstün bilən aşiq həqiqi aşiq hesab olunur. Bu halda seçim, özünütənqid, itaət və nəfslə mübarizə lazımdır. “Qurani-Kərim”də bu barədə belə deyilir:

"Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır. (Pis əməllərdən ən çox çəkinəninizdir)  («Hucərat»-13)

Əli(ə) buyurur: "Allah məhəbbəti kimin qəlbinə düşərsə, onu yaxıb-yandırar."[6]

Başlanğıc nöqtəsi

Buradan aydın olur ki, məhəbbət  Allah aşiqləri və ona tərəf gedənlər üçün başlanğıc, yolun əvvəlidir. Nə qədər ki məhəbbətlə  istək birgə deyil, bir addım belə irəli atmaq olmaz. Əgər insan öz xeyrini istəməsə, heç vaxt islah olunmaz. Əvvəl gərək insanda öz eyiblərini və çatışmamazlıqlarını düzəltmək üçün çıxış yolu axtarmaq xüsusiyyəti yaransın. İnsan bunu dərk etməlidir ki, ona bəxş olunan həmin nemətləri bihudə əldən vermək olmaz.

Qeyd etdiyimiz kimi, bu yolda təkcə elm kifayət etmir. Bununla yanaşı eşq  lazımdır, yəni bu eşq insanı doğruluğa tərəf çəkib onu nəfslə mübarizəyə hazırlaşdırır. Belə ki, “Qurani-Kərim”də  buyurulur: 

"Orada paklanmağı sevən insanlar vardır. Allah pak olanları (özlərini cismən təmizləyənləri, mənəvi qüsurlardan, çirkinliklərdən qorumağa çalışanları) sevər." («Tövbə»-108)

[1] Deyləmi «Elamüd-din» səh.110; «Üsuli- kafi»,II c, səh.232

[2] «Əl-əsfar», IX c, tənasüx fəsli, Sədrül-mütəəllihin bu əqidədədir ki, insanı heyvanlardan fərqləndirən cəhət onun nitqidir (təfəkkür və əql qüvvəsi). Bu cəhətə görə bütün insanlar eynidirlər, lakin insanları bir-birindən fərqləndirən onların nəfsani sifət və xüsusiyyətlərindən nəşələnmiş faktorlardır. Sədrül-mütəəllihin bu sifətləri hər bir fərdin zati sifətləri kimi qəbul etmişdir. Deməli, insanlar arasındakı fərqləndirici cəhət rəng, şəkil, kəmiyyət və keyfiyyət deyil, onun həqiqi simasını formalaşdıran həmin sifət və xarakterlərdir. İnsanın həmin bu bərzəxi surətidir ki, axirət günü onunla məşhər ayağına gəlir. Bəziləri insan, bəziləri də meymun, donuz, yırtıcı və ot yeyən heyvanlar surətində qiyamət günü məhşər ayağına gəlir. Bir insanın həyatın müxtəlif mərhələlərində cürbəcür sifətlərə malik olub qiyamətdə bu surətlərin hamısı ilə zahir olması da mümkündür. Bu cəhətdən Sədrül-mütəəllihin insanların müxtəlif növlərə malik olmasına inanır. İnsanı vahid bir növ kimi bilmək isə, başqa heyvanlar ilə müqayisədə ümümi bir nəzərlə irad olunmuş ibtidai və səthi hökmdür. Həqiqətin əsli isə belə deyil.

[3] «Üsuli-kafi» II c, səh.125 hədis-5;

  «Nurus-səqəleyn» təfsiri, V c, səh.83

[4] «Nurus-səqəleyn» təfsiri, V c , səh.84

[5] «Misbahüş-şəriə», XCVI fəsil

[6] «Misbahüş-şəriə» XCVI bab.

baxılıb: 285 dəfə