Müəllim və Tələbə Əxlaqı

İman və elm

Bu bəhsdə imanla elmin bir-birindən fərqləndiyini bilmək lazımdır. Elm təcrübə və isbatın nəticəsidir. Bu iki amil təsəvvür və təfəkkürdən irəli gəlir, lakin iman və inam ürfani vicdan, ilahi fitrət qarşısında özünü ayıltmaqdır. Başqa ifadə ilə desək, elm kəsb olunan və dərk edilən bir məfhumdur. İman isə ülvi parıltı, vicdan harayına cavabdır.

Elmlər adətən təsəvvür, təfəkkür və müəyyən bir reaksiyadan doğur. İman isə vicdana inam və tapınmaqdır. Başqa sözlə desək, elm təcrübə, təhqiqat, məfhum, bilik toplusudur, lakin iman müqəddəs varlığa qarşı bağlılıq, təzim və sitayiş hissidir. Elmə aid olan şeylər insan qəzəbinə və nifrətinə səbəb ola bilər, amma iman həmişə qəlblərdə məhəbbət, sevgi yaradır. O yerdə ki iman mövcuddur, orada təvazökarlıq, təzim, sitayiş də olur. Məsələn, Allaha iman fitri ehtiyac və heç nəyə təmənnası olmayan Tanrıya bağlılıq, böyük əzəmət, rəhmət, sonsuz qüdrət qarşısında acizlik və kiçiklik hissidir.

«Quran» təbiri ilə desək, iman fitrət harayına cavab və əhd-peymanın yenidən təzələnməsidir:

"Allahın fitri olaraq insanlara verdiyi din" («Rum»-30)

"Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən (gələcək) nəsillərini çıxardıb onları özlərinə (bir-birinə) şahid tutaraq: "Mən sizin Rəbbiniz deyiləmmi?"- soruşmuş, onlar da: "Bəli, Rəbbimizsən!"-deyə cavab vermişdilər." («Əraf»-172)

Sonra ayənin ardında buyurur ki, bu bildiriş və şəhadət onun üçündür ki, qiyamət günü "Biz bu məsələdən xəbərdar deyildik,"-deyə bəhanə gətirməyəsiniz.

Deməli, iman fitrətin ehtiyacına qarşı əhdin təzələnməsi və təkididir. Burada əhd-peyman dedikdə imanın nəzərdə tutulması ehtimal olunur, amma elm alim və məlum (öyrənilən şey) arasında bir növ zehni və fikri əlaqədir. İman kəlməsində isə Allah qarşısında sitayiş, təzim və təvazökarlıq hissi ehtiva olunur, lakin elmdə bu, tələb edilmir, çünki elm alimin nəzərində xoşagəlməyən məchulların kəşfi və ixtirası üçün bir vasitədir. Elm imanla həmişə birgə deyildir. Ona görə də “Qurani-Kərim”də  buyurulur: 

"(Möcüzələrimizin) həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər." («Nəml»-14)

Buna görə də Allah-təala «Quran»da insanlara "Ey bilənlər" kimi yox, "Ey iman gətirənlər" kimi xitab edir, yəni bilib iman gətirməyənlər yox, iman gətirən şəxslər.

Başqa bir tərəfdən də iman həmişə arxayınlıq və xətircəmliklə birgədir, ancaq elmin bəzən iztirab və nigarançılığa səbəb olması da mümkündür. Allah-təala möminlər barədə buyurur: 

"O kəslər ki, Allahı zikr etməklə ürəkləri rahat olduğu halda iman gətirmişlər. Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram tapar!" («Rəd-28») 

baxılıb: 291 dəfə