Nalayiq xüsusiyyətlər və onlardan qurtulma yolları

Aqibətimiz necə olacaq?

Allah Taala Qurani-Kərimin Qəsəs surəsinin 83-cü ayəsində buyurur:

تِلْكَ الدَّارُ الاَخِرَةُ نجَعَلُهَا لِلَّذِينَ لَا يُرِيدُونَ عُلُوًّا فىِ الْأَرْضِ وَ لَا فَسَادًا

“Biz bu axirət evini yer üzündə böyüklük (başqaları üzərində hökmranlıq) hərisi olmayanlara və fitnə-fəsad törətməyənlərə nəsib edirik.”
Bəli, insanı uçuruma aparan xüsusiyyətlərdən biri də özünü başqalarından üstün bilmək, başqa sözlə başqalarına yuxarıdan aşağı baxmaqdır. Məhz bu pis xüsusiyyətin təsiri idi ki, lənətlik İblis o zaman Allah Taalanın əmrindən çıxdı, Adəmə səcdə etmədi və açıq-aşkar “mən ondan üstünəm” dedi. 
Başqalarından yuxarı olmaq, insanlar üzərində hökmranlıq etmək istəyi şeytani istəklərdəndir. Ona görə də bu istəyin hərisinə çevrilən hər bir insan fitnə-fəsad və pozğunluq törədir.
Bu ayəyə əsasən dünyada elə insanlar var ki, onlar fitnə-fəsad və böyüklük ardınca deyillər, üstəlik başqaları üzərində böyüklük arzusunu da etmirlər, çünki onların qəlb və ruhları belə işlərdən tamamilə pakdır, onlar yalnız Allahın razılığını düşünür və həyatlarının ən böyük ləzzətini insanlara xidmət və yaxşılıq etməkdə görürlər.
Həmçinin onlar bilirlər ki, fitnə-fəsad və böyüklük etmək həvəsi insanın mənəvi və insani süqutuna səbəbdir, o ki qala fitnə-fəsad törətməyin və özünü hamıdan üstün bilərək başqaları üzərində böyüklük etməyin özü ola. 
Bu ayəyə görə fitnə-fəsad və böyüklük hərisliyindən uzaqlaşan insan öz aqibətini xeyirli edə bilər, başqa sözlə fitnə-fəsad törətmək və böyüklük iddiasında və həvəsində olmaq insanın aqibətinin xeyir olmasına maneə və əngəldir. Böyüklük arzusunda olmaqdan məqsəd insanın dünya məqsədləri və nəfsin istəklərinə çatmaq üçün başqaları üzərində böyüklük etmək istəyidir.
İndi burada sual edilə bilər ki, başqalarının başı üzərində hökmran olmaq istəyi ilə fitnə-fəsada, günaha, pozğunluğa düçar olmağın arasında nə kimi rabitə və bağlılıq vardır?!
Fəsada, pozğunluğa sürüklənən insanları, ucalmaq və üstün olmaq cazibəsi fəsada sürükləmişdir. 
Dostlar, baxın, tələyə düşmüş siçan tələyə dəmirə görə getmir ki. Və ya boynuna metal zərbəsinin dəyməsi üçün tələyə can atmır ki.
Siçan tələnin ucunda olan çörək və ya pendir üçün gedir. Amma siçanı öldürən pendir deyil, siçanı metal öldürür. Buna görə də belə deyirik: Siçan pendiri yeyərkən metal zərbə ilə onu öldürdü. Pendir və metalın zərbsi bir birinin ardınca olan şeylərdir.
Odur ki, Quran buyurur: “...yer üzündə böyüklük (başqaları üzərində hökmranlıq) hərisi olmayanlara və fitnə-fəsad törətməyənlərə...”
İnsanın fitnə-fəsada, pozuculuqa, günaha düçar olması onun başqalarının üzərində hökmranlıq etməsinin nəticəsidir. 
Kim üstünlük və təkəbbürlükdən vaz keçərsə deməli, həmin insanın əli fəsada, pozuculuğa bulaşmayacaqdır.
Əxlaq üstadlarından biri öz oğluna nəsihətnaməsində yazır: 
“Əziz oğlum! Allah Öz zikri ilə səni iman sayəsində qəlbi aram olmuş insanlardan etsin! Dünyanın həqiqətini gürüb heyran və təəccüb içində olan atanın nəsihət və vəsiyyətini eşit. Məqam (vəzifə) və şöhrət (məşhurluq) üçün, eləcə də nəfsin cürbəcür şəhvət və həvəslərinə çatmağa görə onun bunun qapılarını döymə, çünki nələri əldə etsən daha yuxarı məqamda olan və sənin əlin çatmayan şeylərə görə kədərlənəcəksən, yuxarının həsrətini çəkəcəksən, ruhunun iztirab və təşvişi daha da çoxalacaq...”
Odur ki, fitnə-fəsad və başqalarının başı üzərində böyüklük iddiasında olmayın, təki axirət nemətləri nəsibiniz olsun. Təqvalı insanların aqibəti xeyir və gözəldir, çünki onlar fitnə-fəsad və böyüklük hərisi deyillər.

baxılıb: 81 dəfə