14 Məsum və əxlaq

Pis insan olmayaq!!

Rəbiussani ayının 8-i imam Həsən Əskəri əleyhissalamın təvəllüdü münasibətilə

İmam Həsən Əskəri əleyhissalam buyurur:

 

بئس العبد عبد يكون ذا وجهين وذا لسانين ، يطري أخاه إذا شاهده

ويأكله إذا غاب عنه ، إن أعطي حسده وإن ابتلي خذله

 

“İki üzü və iki dili olan insan nə pis bəndədir!! (Müsəlman) qardaşının yanında (onun) üzünə tərifləyir, (amma arxasınca qeybətini etməklə) onun ətini yeyir; ona (müsəlman qardaşına) bir bəxşiş (nemət) veriləndə paxıllığını çəkir və onun başına bir müsibət (bəla) gələndə onu yalqız qoyaraq tərk edir.”

Tuhəful Uqul 395-ci səhifə

.

Sevimli peyğəmbərimiz həzrət Muhəmməd səllAllahu əleyhi və alih malik olduğu fəzilət, üstünlük və ali kamala rəğmən Allahın bəndəsi olmasına görə iftixar edərdi. O həzrətdən “dünya malının sahibi olmaq istəyirsən, yoxsa bəndə?” –deyə soruşulduqda buyurur ki, mən Allahın bəndəsi olmağı sevirəm. Mən Allaha layiqli və gözəl bəndə olacağam.

Bəli, hər əməl və xüsusiyyətin yaxşı və pisi olduğu kimi bəndəçiliyin də pisi yaxşısı vardır. Yuxarıdakı hədisdə imam Həsən Əskəri əleyhissalam pis bəndənin bəzi sifətlərini bizlərə xatırladır.

 

1- İki üzlü və iki dilli bəndə.

Bir çox insanlar bu bəlaya tutulublar, ikiüzlülük və ikidillilik bəzi insanların adət və vərdişinə çevrilmişdir.

-Bir dəstə adam oturub söhbət edir, yanlarına hamının tanıdığı şəxs gəlir, onunla hamı salamlaşır, zarafatlaşır, üzünə xoş sözlər və təriflər deyirlər. Ancaq həmin şəxs çıxıb gedən kimi onun dalınca danışmağa eyiblərini açıb tökməyə başlayırlar. Onu təhlükəli, şübhəli, faydasız və tanınmaz adam kimi qələmə verirlər.

-Qadın üzdə əri ilə xoş davranır, ancaq əri olmayanda və qadın da anası, bacısı, qohumları yaxud rəfiqələri ilə birgə olanda ərinin dalınca nalayiq sözlər deyir, onu bacarıqsızlıqda, ailəsinə qayğı göstərməməkdə, pullarını naməlum yerlərə xərcləməkdə ittiham edir. Eləcə də ər öz həyat yoldaşının yanında onunla mehriban və sevimli davranır, ancaq onun qohumlarının, rəfiqələrinin, o biri gəlinin və sairin yanında arvadını pisləyir...

 

2- Qeybət edən bəndə.

Hədisdə var ki, qeybət edən şəxs əgər tövbə edərsə Cənnətə daxil olan axırınca adam olacaqdır və əgər günahlarına görə tövbə etməzsə Cəhənnəmə gedən birinci adam olacaq.

İnsan nə qədər qeybət edərsə onun xeyir və yaxşı əməllərindən bir o qədər silinəcək və qeybətini etdiyi adamın əməl dəftərinə yazılacaqdır.

 

3- Paxıl bəndə.

Paxıllıq böyük günahlardandır, səhih hədislərə əsasən “su duzu əritdiyi kimi paxıllıq da imanı əridib yox edir”.

Axı nə üçün biz yaxınlarımızın, tanışlarımızın və dostlarımızın maddi ya mənəvi cəhətdən tərəqqi və inkişaflarına dözə bilməyirik? Bizim bahalı maşınımız olduğu halda yaxınlardan birinin ucuz və köhnə maşın alması da bizi narahat edir. “Budure, kasıbam deyə-deyə maşın da aldılar” deyirik.

Nəql edirlər ki, Musa peyğəmbərin zamanında bir nəfər ona yaxınlaşıb dedi: -Ey Musa! Tur dağına Allah ilə münacata gedəndə Allahdan mənim üçün bir inək istə, təki südünü içək, onunla yer şumlayaq, südündən pendir düzəldib yeyək... Musa (ə) həmin kişinin istəyini Allaha dedi. Nida gəldi: -Ey Musa! Biz bu şərtlə o kişiyə bir inək nəsib edərik ki, qonşusuna iki inək verək. Musa (ə) sevincək halda kişinin yanına gəlib onun duasının qəbul olduğunu və deyilənləri ona danışdı. Həmin kişi narahat oldu və “xeyr, belə şey olmaz, buna razı deyiləm” –deyə cavab verdi. Elə isə Allahdan istə ki, mənim bir gözümü kor etsin, qoy qonşunun iki göz də kor olsun.

 

4- Çətin günlərdə dostunu atan bəndə.

Hər bir insan üçün bu dünya eyni minvalla davam etmir, dünyanən şirin və xoş günləri olduğu kimi acı və kədərli günləri də vardır. Bəzi dostlar yalnız yaxşı günlərin dostudurlar, dostluq etdikləri şəxsin əgər pulu, gücü, vəzifəsi, nüfuzu varsa və günlərini xoş keçirirsə onun yanından əl çəkmirlər. Ancaq həmin şəxs malik olduğu üstünlükdən məhrum olduqda, başına bəla və müsibət gəldikdə həmin dost ondan uzaqlaşır, öz-özünə “daha bununla dostluq etməyin mənim üçün faydası yoxdur” deyir.

baxılıb: 704 dəfə