14 Məsum və əxlaq

İmam Musa Kazım əleyhissalamın əxlaqından damlalar

İmam Musa Kazım əleyhissalamın Qurani-kərim ilə ünsiyyəti
.
Sevimli Peyğəmbərimiz (s) və o həzrətin Əhli-beytinin (ə) rəftar və davranışları insanlar üçün ülgü və nümunədir. Biz hamımız düzgün yaşayış tərzini düşüncə və rəftarlarında heç bir nöqsan olmayan Məsumlardan (onların hamısına Allahın salamı olsun) öyrənməliyik.
Bu yazıda İmam Musa Kazım əleyhissalamın Qurani-kərimə olan diqqət və qayğısı, həmçinin Qurani-kərimin qorunması, yaşaması və maarifinin dünyaya yayılması ilə əlaqədar səy və təlaşları barədə bir neçə məsələ ilə tanış olacağıq.
.
1- Qurani-kərimi həzin və ruh oxşayan səslə oxumaq kamil insanların xüsusiyyətlərindəndir.
İmam Musa Kazım əleyhissalam da o biri məsumlar (ə) kimi gözəl və ruh oxşayan səsə malik idi.

و احسنهم صوتا بالقرآن

“(İmam Musa Kazım əleyhissalam) Quran oxumaqda (dövrünün) ən gözəl səslə (Quran) oxuyanı idi.”
Kəşful ğummə 3-cü cild 24-cü səhifə
.

وكانت قراءته حزنا

“(İmam Musa Kazım əleyhissalam) Quranı həzin ( və ruh oxşayan) səslə oxuyardı.”
əl-Kafi 2-ci cild 606-cı səhifə
.
2- İmam Musa Kazım əleyhissalamın Quran oxumağa eşq və bağlılığı böyük idi.

و کان اذا قرا القرآن یبکی و یبکی السامعون

“(İmam Musa Kazım əleyhissalam) Quran oxuyanda həm özü ağlayar həm də ona qulaq asanlar ağlayardılar.

یحیی اللیل کله صلاه و قراءه للقرآن

(İmam Musa Kazım əleyhissalam bir çox) gecələri oyaq qalaraq namaz qılmaq və Quran oxumaqla məşğul olardı.”
əl-İrşad 2-ci cild 235-ci səhifə
.
3- İmam Musa Kazım əleyhissalam Qurani-kərimi qorumaqda ən çalışqan insan idi.

کان احفظ الناس بکتاب الله

“O həzrət Qurana ən çox əhməmiyyət verən şəxs idi.”
İlamul vəra 310-cu səhifə
.
İmam Musa Kazım əleyhissalam Qurani-kərimi qorumaq və yaşatmağın bütün vasitələrindən istifadə edərdi, belə ki:
a- Quranı əzbərdən oxuyardı
b- Quranı üzündən oxuyardı
c- İnsanlarla söhbət edərkən Quran ayələrindən sitatlar gətirərdi
ç- İnsanları Quranı öyrənməyə təşviq edərdi
d- Quran ayələrini insanlara təfsir (şərh) edərdi
e- Quranın ecazkarlıqlarını insanlara göstərərdi
ə- Müstəhəb namazlarında çoxlu Quran oxuyardı
.
4- İmam Musa Kazım əleyhissalam Qurani-kərimi tam diqqətlə oxuyardı.

فاذا قرا فکانه یخاطب انسانا

“(İmam Musa Kazım əleyhissalam) Quranı elə oxuyardı ki, sanki hansısa bir insanla danışır.”
Biharul ənvar 48-ci cild 111-ci səhifə
.
5- Quranın tərəqqi vasitəsi olduğunu deyərdi.

İmam Musa Kazım əleyhissalamın Qurani-kərim ilə ünsiyyət və bağlılıqlarına nəzər saldıqda görürük ki, dərin bir təfəkkür və düşüncə ilə Quranı oxumaq, Allahın kəlamları yazılmış bir kitaba qarşı son dərəcə təvazökarlıq və ehtiram edərək dizlərini yerə qoyub Quranı tilavət etməsi, gecəni sübhə qədər Allahın sözlərini dilinə gətirməsi o həzrətin nə qədər böyük və əzəmətli bir ruhiyyəyə malik olduğunun aşkar göstəricisidir.
Sizcə belə bir şəxs mələkut aləminin hansı zirvə və məqamına yüksələ bilər?! Bir halda ki, Qurani-kərim tərəqqinin nərdivanı və insanı ən uca İlahi-mənəvi məqamlara çatdırandır.
İmam Musa Kazım əleyhissalam buyurur:

ليرفع الله به من درجته فإن درجات الجنة على قدر آيات القرآن يقال له :
اقرأ وارق ، فيقرأ ثم يرقى

“... təki Allah (Quranın vasitəsilə) onu oxuyan şəxsin dərəcə (və məqamlarını) yüksəltsin. Şübhəsiz Cənnətin dərəcə (və məqamları) Quran ayələrinin sayı qədərdir. (Qiyamətdə) İnsana deyilər: -(Qurani-kərimi) oxu və tərəqqi et (yüksəl), o da (Quranı) oxuyar və (daha uca dərəcələrə) yüksələr.”
əl-Kafi 2-ci cild 606-cı səhifə

Qurani-kərim insanın uca məqamlara yüksəlməsi və təkamülü üçün vasitədir.
.
6- Qurani-kərim ilə daim ünsiyyətdə olaraq dostluq etmək arifliyin əlamətidir.
İmam Musa Kazım əleyhissalam ata-babalarının vasitəsilə Allahın Rəsulundan (s) nəql edir ki, buyurur:

حَمَلَةُ الْقُرْآنِ عُرَفَاءُ أَهْلِ الْجَنَّةِ

“Quranı həml edənlər (onunla yoldaşlıq edənlər) cənnət əhlinin arifləridirlər.”
“Qurani həml edənlər” ifadəsi bir çox hədislərdə gəlmişdir, həml edənlərdən məqsəd Qurani-kərim ilə daim ünsiyyətdə olanlar, onu oxuyan, öyrənən, öyrədən, oxuduqlarına əməl edən və Quranın maarifini mənimsəyən şəxsdir. Başqa sözlə “Quranı həml edən” ifadəsindən məqsəd Quranı öz valığı, düşüncəsi, rəftarı, əməli və ümumiyyətlə həyatında təcəssüm etdirən, canlandıran şəxsdir. Onların ən kamili həzrət Muhəmməd (s) və Əhli-beytdir (ə), belə ki ziyarətnamələrdə onların barəsində “salam olsun sənə ey Quranın şəriki” cümləsi vardır. Bundan əlavə hədislərdə onlarla (ə) əlaqədar “canlı Quran” ifadəsi işlənmişdir. 
Sevimli Peyğəmbərimizin (s) həyat yoldaşından o həzrətin əxlaqı barədə soruşularkən deyib:

كان خلقه القران

“Həzrət Muhəmmədin (s) əxlaqı Quran idi.” Yəni o həzrət canlı Quran idi, Quran-kərim onun (s) vücudunda təcəssüm etmişdi...
Odur ki kim nə qədər Quranı özündə (düşüncəsi, danışığı, dərki, əməli, rəftarında. ..) canlandıra bilirsə bir o qədər “Quranı həml edənlər (daşıyan, yoldaşı) məqamına yaxınlaşmış olur.
Allah Taala bizləri Qurani-kərimin ayələrinə iman gətirən, diqqətlə oxuyan, mənalarını öyrənən, göstərişlərinə əməl edən, qadağalarından çəkinən, ayələrini dərk edib anlayan və bunun nəticəsində Qurani-kərimi öz həyat tərzinə çevirə bilənlərdən qərar versin.

baxılıb: 322 dəfə