Evlənmək və ailə əxlaqı

Ən yaxşı həyat yoldaşı xanım Xədicə

2- Həzrət Muhəmməd (s) ilə evləndikdən sonra xanım Xədicənin nail olduğu üstünlüklər

.

1) Varlıq aləminin ən üstün dörd qadınından biri xanım Xədicə

Həzrət Muhəmməd (s) ilə ailə qurduqdan və o həzrətə peyğəmbərlik verilən kimi dərhal ona iman gətirən ilk qadın olan xanım Xədicə yalnız ilk iman gətirən olmaqla kifayətlənməyərək ali və uca mənəvi kamilliklərə çatmaq üçün çoxlu səy və təlaşlar etmiş nəticədə imanın ən ali zirvəsinə yüksəlmişdir. Beləliklə də xanım Xədicə Allah Taalanın seçdiyi qadınlardan olmaq şərəfinə nail oldu.

Həzrət Muhəmməd (s) buyurur:

إن الله عز وجل اختار من النساء أربعا : مريم وآسية وخديجة وفاطمة

“Allah Taala qadınlardan dörd nəfəri (ən üstün qadın olaraq) seçdi: Məryəm, Asiyə, Xədicə və Fatimə.”
əl-Xisal 1-ci cild 107-ci səhifə

Başqa bir hədisdə həzrət Muhəmməd (s) buyurur:

قال رسول الله ( صلى الله عليه وسلم ) خير نساء العالمين مريم بنت عمران آسية امرأة فرعون

وخديجة وفاطمة بنت رسول الله ( صلى الله عليه وسلم )

“Varlıq aləminin ən yaxşı qadınları İmranın qızı Məryəm, Fironun arvadı Asiyə, Xədicə və Allahın Rəsulunun (s) qızı Fatimədir.”

Tarixu Mədinəti Diməşq (müəllif: İbn Əsakir) 52-ci cild 6-cı səhifə

Siyəru əlamun-Nübəla (müəllif: Zəhəbi) 12-ci cild 249-cu səhifə

əl-İsabə (müəllif: İbn Həcər) 8-ci cild 264-cü səhifə

.

2) Sevgili və övlad bəxş edən qadın

.

Xoşbəxt ailəni övladsız təsəvvür etmək mümkün deyil. Həzrət Muhəmmədin (s) həyat yoldaşlarından xanım Xədicədən və Mariyadan başqa heç biri həzrət Peyğəmbərə (s) övlad bəxş etməmişdir. Bundan əlavə həzrət Muhəmməd (s) xanım Xədicədən başqa həyat yoldaşlarından heç birinə “vədud” sevgili sözünü deməmişdir.

Həzrət Muhəmməd (s) buyurur:

فإن الله تبارك و تعالى بارك في الودود الولود

“Həqiqətən Allah Taala onu (Xədicəni) bərəkətli etmişdir, beləki (Xədicə) sevgili bir həyat yoldaşı idi və mənə övladlar bəxş edib...”

Cəvahirut-tarix 3-cü cild 486-cı səhifə

.

3) Allah Taala və vəhy mələyi Cəbrail dəfələrlə həzrət Muhəmməddən (s) xanım Xədicəyə salam göndərmişlər.

.

Allah Taalanın və Cəbrailin bir insana salam göndərməsi həmin insanın yüksək insani və mənəvi zirvədə olduğunun, həmçinin Allah yanında uca məqama malik olmasının əlamətidir. Həzrət Muhəmmədin (s) Hira mağarasında ibadət və etikafda olduğu vaxtlarda xanım Xədicə məscidulharamdan Hira mağarasına piyada gedərək Peyğəmbərə (s) yemək aparırdı. Bir gün həzrət Muhəmməd (s) Hira mağarasında olarkən vəhy mələyi Cəbrail xanım Xədicənin Peyğəmbərə (s) yemək gətirməsi barədə danışaraq buyurdu:

“Xədicə sənin yanına gəldikdə Allahın və mənim salamımı ona çatdır, onun Cənnətdə olacağını xəbər ver.” (Biharul-ənvar 16-cı cild 8-ci səhifə)

Dəfələrlə vəhy mələyi Cəbrail həzrət Muhəmmədin (s) vasitəsilə xanım Xədicəyə salam göndərər və xanım Xədicə də ona salam göndərərdi.

Əbu Səid Xidri deyir:  

يا جبرئيل هل لك من حاجة ؟ قال : حاجتي أن تقرأ على خديجة من الله ومني

السلام ، وحدثنا عند ذلك أنها قالت حين لقاها نبي الله صلى الله عليه وآله فقال لها :

الذي قال جبرئيل ، فقالت : إن الله هو السلام ، ومنه السلام ، وإليه السلام ، وعلى

جبرئيل السلام

Həzrət Muhəmməd (s) buyurdu: merac zamanı geri qayıdarkən vəhy mələyi Cəbrailə dedim: -Məndən bir istəyin varmı? Cəbrail dedi: -İstəyim budur ki, Allahın və mənim salamımı Xədicəyə çatdırarsan. Allahın peyğımbəri (s) qayıdıb Allahın və Cəbrailin salamını Xədicəyə çatdırdıqda o (Xədicə) dedi: Allah Salamdır (adı salamdır, özü salamdır), salam Ondandır və salam Onadır. Həmçinin Cəbrailə də salam olsun.

Biharul-ənvar 16-cı cild 7-ci səhifə

.

4) Həzrət Muhəmmədə (s) iman gətirib müsəlman olan ilk qadın

.

Həzrət Muhəmmədin (s) tənhalığı dövründə xanım Xədicə onun yardımçısı idi. O, ilk qadın idi ki, həzrət Muhəmmədin (s) peyğəmbərliyini, onun İlahi risalətini və nazil olan Qurani-kərim ayələrini təsdiq edərək ona iman gətirdi. Xanım Xədicə ömrü boyu heç vaxt həzrət Muhəmmədi (s) yalqız qoymadı və həmişə ona dayaq oldu.

.

5) Həzrət Muhəmməd (s) ilə camaat namazı qılan ilk qadın

.

Tarixi sənədlərə və səhih hədislərə əsasən həzrət Muhəmməd (s) peyğəməmbərliyə seçildikdən üç il sonrayadan yalnız üç nəfərdən ibarət camaat namazı qılınmışdır. Əmirəlmöminin Əli əleyhissalam buyurur: “İslamın əvvəlində üç il müddətində mənimlə xanım Xədicədən başqa heç kim həzrət Muhəmməd (s) ilə birlikdə camaat namazı qılmamışdır.”

.

6) Həzrət Muhəmmədin (s) ömrünün sonunadək ən çox xatırladığı qadın

.

Həzrət Muhəmməd (s) xanım Xədicəni (ə) ömrünün axırına kimi unutmadı və daim onu xatırlayanda mübarək gözləri yaşla dolurdu. Onun qəbrinin ziyarətinə gedir, dərdini yenə də onunla bölüşürdü.

Həzrət Muhəmməd (s) həyat yoldaşlarından birinin “o qocanı nə qədər xatırlayırsan, Allah sənə ondan daha az yaşı olanını bəxş etməyibmi?” dediyi zaman qəzəblənərək buyurdu:

والله لقد آمنت بي إذ كفر الناس ، وآوتني

إذ رفضني الناس ، وصدقتني إذ كذبني الناس

“And olsun Allaha, həqiqətən Xədicə mənə elə bir vaxtda iman gətirdi ki, insanlar kafir idilər, Xədicə mənə elə bir vaxtda pənah və sığınacaq verdi ki, insanlar məni özlərindən uzaqlaşdırırdılar, Xədicə məni elə bir vaxtda təsdiq etdi ki, insanlar məni inkar edirdilər...”
Tarixu mədinəti-Diməşq (müəllif: İbn Əsakir) 3-cü cild 195-ci səhifə

.

7) Xanım Xədicənin gözəl əxlaqi xüsusiyyətləri həddən ziyadədir

.

Həzrət Muhəmməd (s) ilə xanım Xədicə evləndiyi zamanda Xədicə belə tərif edildi:

وهي من أهل مكة من قومك ، وهي أكثرهن مالا وأحسنهن جمالا وأعظمهن كمالا ، و

أعفهن فرجا ، وأبسطهن يدا ، طاهرة مصونة ، تساعدك على الأمور ، وتقنع منك بالميسور

“O (Xədicə) Məkkəlidir və sənin xalqındandır,  qadınlardan ən çox var-dövləti olandır, gözəlliyi daha çox, kamilliyi ən yüksəkdir, çox namuslu və həyalıdır. Əliaçıqdır (səxavətlidir), əyrilik və fəsaddan uzaqdır (pakdır), işlərində sənə kömək edir, səndən olan aza (az ruziyə...) qanedir...”

Ənvarus-satiə 79-cu səhifə

Xanım Xədicənin vəfatından sonra onun qızı dünya və axirət qadınlarının xanımı həzrət Fatimə əleyhasalam nə vaxt qəmgin olardısa vəhy mələyi Cəbrail həzrət Muhəmmədin (s) yanına gələrək deyərdi: “Fatiməyə (ə) Allahın salamını çatdır və Xədicənin cənnətdəki məqamını (məkanını) ona (Fatiməyə) xəbər ver...”

Biharul-ənvar 16-cı cild 1-ci səhifə

Bəli, xanım Xədicə əleyhasalam o qədər misilsiz əxlaqi, insani və mənəvi kamilliklərə malikdir ki, heç kim başqasını ucaltmaq məqsədilə onu aşağılamaq gücünə malik deyil. 

baxılıb: 12 dəfə