Yeniyetmə əxlaqı

Atan sənə fəda olsun!

Rəbiussani ayının 10-u xanım Fatimeyi Məsumənin vəfatı münasibətilə

.

İmam Musa Kazım əleyhissalamın qızı Fatimənin ən məşhur ləqəbi “Məsumə”dir. Buna görə də o xanıma Fatimeyi Məsumə deyilir. Məsumə ləqəbini ona imam Rza əleyhissalam vermişdir. Məsumə sözünün mənası “günahsız” yəni, bəşəriyyət üçün ideal və nümunəvi şəxs deməkdir. Bu isə o xanımın ulu nənəsi Fatimeyi Zəhra əleyhasalam kimi çox böyük əxlaqa malik olmasının aşkar təzahürüdür.

Mən bu kiçik yazıda xanım Fatimeyi Məsumənin həyatı ilə əlaqədar bir incəliyi qeyd etmək istəyirəm. Bu incəlik o xanıma atası tərəfindən “atası ona fəda olsun” kəlməsidir. Azərbaycan ədəbiyyatında bu kəlmənin oxşarı olan “sənə qurban olum” sözü də elə həmin mənanı daşıyır. Fəda olmağın mənası bir insanın həqiqi məqamını və şəxsiyyətinin müqəddəsliyini tanıyaraq onun yolunda hər şeyin qurban verilməsinə yetərli olmasıdır. Başqa sözlə hər şeyin ona fəda edilməsi və qurban verilməsinə onun ləyaqəti vardır.

“Atası ona fəda olsun” kəlməsi yalnız iki xanıma söylənilmişdir, onların birincisi sevimli peyğəmbərimiz həzrət Muhəmmədin (səllAllahu əleyhi və alih) qızı Fatimə əleyhasalama dəfələrlə və müxtəlif hadisələr buyurmasıdır; nümunə olaraq o hadisələrin birini xatırlayaq:

“Sevimli peyğəmbərimiz həzrət Muhəmməd səllAllahu əleyhi və alih canının parası dediyi qızı üçün təzə toy paltarı almışdı. Xanım o paltarı geyərək toyda əyləşmişdi. Axşam vaxtı qapıya bir yoxsul qadın gəldi və dedi: "Ey Peyğəmbərin şərəfli qızı, paltarım cırılıb. Artıq paltarın vasa mənə paltar ver. Xanım Fatimə əleyhasalam evə daxil oldu. Əynindəki təzə toy paltarını gətirib həmin o qadına verdi, özü isə ev paltarını geyindi. Bir azdan Sevimli peyğəmbərimiz həzrət Muhəmməd səllAllahu əleyhi və alih qızı Fatimə əleyhasalamı Əmirəlmöminin Əli əleyhissalamın evinə aparmaq üçün evə gəldi. Qızını köhnə paltarda görüb buyurdu: Qızım, sənə aldığım təzə paltar bəs hanı?! Həzrət Fatimə əleyhasalam buyurdu: Atacan, təzə paltarımı qapıya gələn və paltara ehtiyacı olan yoxsul qadına verdim. Allahın Rəsulu (s) qızını qucaqlayaraq buyurdu: -Atan sənə fəda olsun.”

İkinci isə imam Musa Kazım əleyhissalamın öz qızı Fatimə Məsuməyə (ə) söylədiyi “atan sənə fəda olsun” sözüdür.

Bildiyiniz kimi xanım Fatimə Məsumə (ə) yüksək elmi məqama malik olduğu üçün öz zamanının əhalisinin suallarına və dinlə bağlı şübhələrinə kamil və tutarlı cavablar vermişdir. Tarixi sənədlərdə oxuyuruq:

“Uzaq bir şəhərdən bir dəstə elm əhli və ziyarətçi imam Musa Kazım əleyhissalam ülə görüşüb özlərinin və ondandan bu barədə xahiş etmiş insanların suallarını o həzrətdən soruşmaq üçün Mədinə şəhərinə gəlmişdilər. Onlar həmin sualları vərəqlərə yazmışdılar ki, cavabları da həmin vərəqlərə qeyd edilsin. Həmin vaxt imam Musa Kazım əleyhissalam səfərdə olduğundan suallar yazılmış vərəqləri o həzrətin azyaşlı qızı Fatiməyə verdilər. Səhəri gün yenidən İmamın (ə) evinə baş çəkdilər ki, əgər o həzrət səfərdən qayıdıbsa suallarının cavabını alsınlar, ancaq İmamın (ə) hələ səfərdə olduğunu bildikdə sullarını istədilər və “gələn dəfə gələndə görüşüb suallarımıza cavab alarıq” dedilər. Onlar xanım Fatimə Məsumənin (ə) onların suallarını cavablandırdıqlarını gördükdə sevindilər, çoxlu təşəkkür və minnətdarlıq edərək Mədinə şəhərinindən çıxaraq öz şəhərlərinə sarı yala düşdülər. Yolda imam Musa Kazım əleyhissalam ilə rastlaşdılar və sual vərəqləri ilə əlaqədar başlarına gələn macəranı o həzrətə danışdılar. İmam Musa Kazım əleyhissalam o sualların qızı Fatimə Məsumə tərəfindən yazılan cavablarını nəzərdən keçirib buyurdu: “Atası ona fəda olsun”.

Sonda qeyd edək ki, həzrət Muhəmmədin (s) və imam Musa Kazımın (ə) hər birinin öz qızı Fatiməyə “atası ona fəda olsun” söyləmələri o iki xanımın (hər ikisinə Allahın salamı olsun) uca İlahi məqamlara sahib olduqlarının göstəricisidir. “Atası ona fəda olsun” sözü insanın həmin şəxsə olan sevgi və məhəbbətinin şiddətinin və sonsuzluğunun təzahürüdür.

İmam Rza əleyhissalam xanım Fatimə Məsuməni (ə) ziyarət etməklə bağlı buyurur:

“Qumda bacım Fatiməni –onun haqqını tanıyaraq ziyarət edən şəxsə cənnət vacib olar” (yəni o şəxs cənnətə layiq olar).

Bəli, xanım Fatimə Məsumə (ə) belə bir İlahi şəxsiyyət idi, Allah Taala bizləri Əhli-beytin (onların hamısına Allahın salam və salavatı olsun) haqqını tanıyanlardan qərar versin!

baxılıb: 233 dəfə