Yeniyetmə əxlaqı

Fürsətlər ayı


Mübarək Ramazan ayı fürsətlər ayıdır!
.
-Hər şeydən əvvəl Allah Taalaya şükr edirik ki, bizi bu il də mübarək Ramazan ayını dərk etməkdə müvəffəq etdi. Həyatın bütün sahələrində “müvəffəqiyyət” çox mühüm və əsaslı şərtdir. Müvəffəqiyyət, yəni məqsədinə tam mənada istədiyi kimi nail olmaq, etdiyi işdə uğur və nailiyyət qazanmaq. 9-cu imam Məhəmməd Təqi əleyhissalam öz mübarək kəlamlarının birində möminin həyatda üç şeyə ehtiyaclı olmasını, və həmin üç şeydən birinin “Allah Taala tərəfindən müvəffəqiyyət” olduğunu bildirir.
İmam Zeynul Abidin əleyhissalam mübarək Ramazan ayı gəlib çatarkən buyurdu:
اللهم الهمنا معرفة فضله
“Allahım, bu ayın fəzilət və üstünlüyünün mərifətini mənə nəsib et.”
Yəni Allahım, məni müvəffəq et ki, bu mübarək Ramazan ayının fəzilətini dərk edə və tanıya bilim. Deməli, ilk növbədə biz Allah Taaladan istəməliyik ki, bu mübarək ayı tanımaqda bizlərə kömək olsun. İnsan Ramazan ayını tanımalıdır ki, bu ayın ədəblərinə riayət edə bilsin. İnsanın hər bir şeyə ehtiramı onun həmin şeylə əlaqədar bilgisi qədərində olur. Məsələn: Bir tanışınız sizə qonaq gəlir, siz onunla çox səmimi görüşürsünüz, amma sizin övladınız onu tanımadığı üçün soyuq görüşür. Siz oğlunuza deyirsiniz: “Oğlum, bilirsənmi bu kimdir?! Bu şəxs mənimlə bir sinifdə oxuyub, birlikdə əskərlikdə olmuşuq. Bu, sonra həkimlik oxudu. Sən balaca olanda bu dostum dəfələrlə gecə vaxtı yuxusuna haram qataraq bizə gəlib səni müalicə edib, heç vaxt da bizdən bir qəpik də olsun pul almayıb...”
Təbiidir ki, sizin övladınız bu kişi ilə daha heç vaxt soyuq görüşməyəcək, onu sevməyə, ona dərin ehtiram etməyə başlayacaq.
-Ramazan sözü ərəb dilində “rəməzə” kəlməsindən götürülmüşdür. Mənası yandıran” deməkdir. Bu ay insanların günahlarını yandıraraq yox edir, insan paklanır, təmizlənir.
Ramazan ayı insanın həm cisminin ziyanlarını yandırır, belə ki, insanın bədənində olan nə cəzb və nə də dəf olunmayan şeyləri yandırır, əridir. İnsan bədənində olan nə cəzb və nə də dəf olunmayan şeylərdən biri piydir. İnsan ac olanda həmin piy əriyir və insanın tənəffüs yolları ilə havaya uçur. Buna görə də oruc tutan adamın axşama doğru ağzından iy gəlir.
-Ramazan ayı həm də insanı mənən təmizləyir, günahlarını yandırıb yox edir, təqvasını çoxaldır, ruhunu və mənəviyyatını təmizləyir. İnsan bir ay ərzində mənəvi cəhətdən tərtəmiz olur. Bir günahla rastlaşanda onu tez görür, günahı özündən uzaqlaşdıra bilir. Məsələn, ağ paltar geyinmiş insan özünü çirkli yerlərdən və çirkdən daha çox qoruyur.
Ramazan ayı həmçinin cəmiyyəti də paklayır. Müsəlman ölkələrində Ramazan ayında cinayətlər və kriminal hadisələrin sayı ən aşağı həddə düşür. İnsan adətən günah və cinayətlərə əsasən qəzəbin və şəhvətin(ehtirasın) təsirindən düçar olur. Ramazan ayının orucu insanın şəhvətini və qəzəbini yatırır, norma həddində saxlayır. Buna görə də oruc tutan insan Ramazan ayında ilahi və mənəvi şeylər barədə daha çox düşünür.
 

baxılıb: 299 dəfə