HİKMƏT XƏZİNƏSİNDƏN

Kamil insanın xüsusiyyətləri

Kamil insan hansı xüsusiyyətlərə malik olmalıdır?!

Biharul ənvar kitabının 64-cü cildində peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd –səllAllahu əleyhi və alih- əmirəlmöminin Əli əleyhissalama buyurur:

Ey Əli, həqiqi mömin odur ki, onda aşağıdakı yüz üç (103) sifət və xasiyyət olsun.

 

 

1. Onun fikri donmayıb

 (Yəni həmişə hərəkətdədir. Öyrəndiyi elmin həmin həddiylə qane deyil. Yəni möminin beyni donmuş deyil, o həmişə öyrənir, axtarır, arayır, düşünür...)

2. Zikirləri aşikar edir.

 (Burada zikirdən məqsəd vacibi zikirlərdir. Çünki müstəhəbbi zikirləri gizlətmək özü müstəhəbbidir. İmam Rza (ə) buyurur: “ Məscidə camaat namazına gedəndə səs-küylə gedin, təki namaza getməyənlər utansınlar.”)

3. Elmi çoxdur.

 (Hədisdə gəlib ki,” insana namazda və başqa ibadətlərdə verilən savab, elmin çoxluğuna görədir.)

4. Helmi çoxdur.

( Helmin səbir kəlməsinə yaxınlığı çoxdur yəni helm budur ki, qarşı tərəfin hərəkətləri səni qəzəbləndirməsin və qarşı tərəfi o hərəkətlərinə görədə cəzalandırmaq fikrində də olmayasan. Helm bu cür hallarda dözümlülük, yola vermək, güzəşt eləmək mənasındadır. )

5. Mübahisəsi gözəl şəkildədir.

( Yəni kiminləsə mübahisə edəndə çox gözəl şəkildə mübahisə edər. )

6. Müraciəti alicənab şəkildədir.

( a. Başqalarının buna müraciəti və yaxud hər hansı bir istəyi olsa kərim şəkildə (alicənablıqla) davranır, yəni imkanı varsa o istəyi yerinə yetirir. Əgər imkanı yoxdursa o halda da alicənablıqla onu yola salır.

b. Möminin başqalarına olan müraciəti alicənab şəkildədir. Yəni ədəbli, gözəl bir şəkildə müraciət edir.)

7. Sinəsi (zərfiyyəti) başqalarından daha genişdir.

 (Yəni həyatı yaxşı başa düşəndir, həyat buna sıxıntılı gəlmir, həyatı dar görmür.)

8. Nəfsini ən çox ram edəndir.

(Yəni insanlarla təvazökarlıqla davranmaq buna çətin deyil. Çünki bir çox insanlar başqalarının qarşısında təvazökarlıq etməyi özlərinə ayıb bilir, sınmaq, kiçilmək sayırlar.)

9. Gülüşü təbəssümlədir.

( Yəni güləndə təbəssümlə gülümsəyir, nəinki qəh-qəhə çəksin və ya uca səslə gülsün.)

10. Hansı cəmiyyət arasında olsa məqsədi öyrənməkdir (biliyinin artmasıdır).

11. Qəflətdə olanları ayıldandır.

( məs: biri oturub qeybət edir , lakin qeybət olduğun bilmir bu zaman mömin ona izah edir və qəflətdən ayıldır. )

12. Cahilin (nadanın) müəllimidir.

( qəflətdə olan budur ki, hökmü bilir amma unudub. Cahil isə hökmü bilmir. Amma əmir-be-məruf o adamlaradır ki, nə cahil deyil nədə qəflətdə deyil,  yəni bilərək edir.)

13. Ona əziyyət edənə əziyyət etmir.

14. Ona aid olmayan mövzuya baş qoşmaz.

15. Başına gələn çətinliklərə görə kimisə danlamaz. Başqasının başına gələn müsibətlərə sevinməz.

16. Heç kimin qeybətini etməz.

17. Haramlardan bizardır . Bizar, yəni bir şeyə nifrət edib ondan uzaqlaşmaqdır.

18. Şübhələr qarşısında dayanır.

( Yəni bir şeydən şübhələndisə artıq gedmir, dayanır.)

19. Bəxşişi çoxdur.

( Yəni kömək edəndə çox kömək edər.)

20. Əziyyəti azdır.

( Çünki bəzən içtimai məsələlərdə insan ətrafdakılara əziyyət verməyə məcbur olur və yaxud narahat edə bilir, bu hallarda mömin bacardığı qədər az əziyyət edər.)

21. Qürbətdə olan insanlara (qəriblərə) kömək edər.

( Hədislərdə gəlib ki, qəriblərə kömək etməyin savabı hətta qohumlara və qonşulara kömək etməyin savabından çoxdur. Məsələn, qonşuya kömək edəndə fikirləşirsən ki, bir vaxt o da sənə kömək edər, ya ən azı sənin əleyhinə olmaz. Amma qərib adama kömək edəndə artıq təmənna olmur.)

22. Yetimlər üçün atadır.

23. Baldan şirindir.

(şirin şeyi hər kəs xoşlayır, mömin cəmiyyətin içində olanda hər kəsin ondan xoşu gəlməlidir. Hər kəslə dil tapıb danışar, dostluq yaradar, mehriban olar.)

24. Daşdanda möhkəm olar.

(Yəni mömin öz hədəfində, əqidəsində daşdan da möhkəmdir.)

25. Heç kimin sirrini açmaz.

26. Heç kəsin işini aşkara çıxarmaz.

( Bir adam sirrini sənə deməyib sən özün onun sirrindən xəbər tutmusan və bu sirri heç kimə demirsən.)

27. Hərəkətləri lütf və mehribançılıqladır.

28. Onunla görüşmək hər kəsə şirindir, xoşdur.

29. İbadəti çoxdur.

30. Vüqarlıdır. Yəni ağırdır, ciddidir, artıq və yersiz hərəkətlər etmir

31. Yanında olan adamlarla yumşaq davranar.

32. Ona qarşı edilən cahilliklərə dözümlüdür.

33. Ona edilən pisliklərə səbirlidir.

34. Özündən böyüklərə ehtiram edir.

35. Kiçiklərə rəhm edir.

36. Əmanətlərə əmindir.

(Kim ona bir şeyi əmanət olaraq tapşırarsa onu layiqincə qoruyar, qaytaranda eyibsiz qaytarar.)

37. Xəyanətlərdən uzaqdır. Yəni istər malda xəyanət olsun, istər qələmlə xəyanət ya qəlblə xəyanət (müxtəlif növ xəyanətlər var), mömin bütün xəyanətlərdən uzaqdır.

38. Təqva onun dostudur.

( Yəni təqva elə bir dostdur ki, insanın dostu, qardaşı, tanışı haçansa onu günaha vadar edə bilər, amma təqva heç vaxt belə bir təkif etməz .

39. Onun həmpeymanı həyadır.

( Həmpeyman iki şəxsin arasında dostluq, qardaşlıq və.s. yaratmaq üçün bağlanan müqavilədir)

40. Diqqəti cəmlənib.

( Yəni mömini çaşdırmaq, fikrini yayındırmaq olmaz.)

41. Onun səhf addımları azdır.

42. Ağırdır möhkəmdir.

(İmam Əli(ə) Həmmam xütbəsində təqvalıların sifətlərini sayarkən 87-ci sifəti sayanda Həmmam yıxıldı və dünyasını dəyişdi. Bu zaman məçsidə olan xəvariclərdən biri dedi: Ya Əli bu sözlər belə təsirlidirsə bəs sənin özünə niyə təsir etmir?  Əli(ə) buyurdu: sus, ey axmaq, sel hər daşı aparmaz.)

43. Səbirlidir.

44. Allahın müqəddaratına razıdır.

( Yəni hər bir halda Allahdan razıdır, şikayət etmir.)

45. Şükür edəndir.

46. Az danışandır.

47. Dili doğruçudur.

48. Dünya əhli ilə bir yerdə olarsa onların ən fərasətlisidir.

( Yəni mömin dünyəvi elimlərdə hamıdan irəlidə olmalıdır)

49. Əgər axirət əhli ilə bir yerdə olarsa, onların ən təqvalısıdır.

50. Şübhə ilə heçnə əldə etməyə razı deyil. (şübhələndiyi heç nəyi almır, götürmür...)

51. Dinində asanlığa yol verməz.

( Yəni müstəhəbləri bacardıqca edir və məkruhlardan bacardıqca çəkinir)

52. Dostlarının xatalarından keçir. (güzəştə gedir) 

53. Dostlarının keçmişdə ona etdikləri yaxşılıqları heç vaxt unutmur.

54. Üzündə şadlıq və sevinc olar. Qəlbi isə qəmli və kədərli olar.

55. Gecələr öz xatalarını yada salıb ağlıyar. (Yəni peşmançılıq hissi keçirər.)

56. Allahdan asılılığına (möhtac olduğuna) görə sevinclidir.

57. Sükutu uzun olar.

( Yəni bir müddət susduqdan sonra danışmağa tələsməz, vacib və zəruri məsələ olanda danışar.)

58. Hərəkətləri (rəftarı və davranışı) ədəblidir.

59. Danışdığı sözləri maraqlı və heyran edicidir.

60. Başqalarının səhv işlərinə və xatalarına güzəşt edər.

61. Birrdir xeyirhaxdır.
(Birr odur ki, insan sevdiyi şeyləri başqalarına ehsan edir, bağışlayır.)

62. Ehtiyatlıdır.

63. Yumşaqdır.

64. Yaxşı yoldaşdır.

65. Həyalı və şərafətlidir.

66. Çoxlu lənət göndərən və çox yalan danışan deyil. (Yəni qarğışkar və yalancı deyil.)

67. Nə özü paxıl deyil, nə də başqalarının uğuruna paxıllıq etməz.

68. Kini azdır.

 (elə kinlər var ki, onların yaddan çıxmasına zaman lazımdır. Möminin kini olmaz, olsa da tez özündən uzaqlaşdırar)

69. Şükürü çoxdur. Yəni hər bir şeyə şükr edəndir.

70. Gündüzü öz məişətini (dolanışığını) düşünür. (özünə, ailəsinə halal ruzı ardıncadır.)

71. Üzü açıq və gülər üzlüdür.

72. Nə həssas deyil, nə də başqalarının işini axtaran deyil.

73. İşlərin ən ucalarının ardıncadır. (hər bir işin ən yaxşısını arzulayar və onun ardıyca gedər.)

74. Xasiyyətlərin ən yaxşısını öyrənməyə çalışar.

75. Allahı özünün qoruyucusu bilir. (arxayındır ki, Allah onu görür və qoruyur.)

76. Allahın tofiqiylə (Allah tərəfindən olan müvəffəqiyyətlə) ona yardım edilir.

77. Güclü olduğu halda yumşaqdır.

( Yəni adam var zəifdir, buna görə də yumşaqdır ki, heç kim ona dəyib dolaşmasın. Elə adam da var ki, güc-qudrəti ola-ola yumşaqdır.)

78. Qərarı yəqinilədir.

( Yəni qərar verəndə elə bir qərar verir ki, düz qərar verdiyinə yəqin edir)

79. Düşmənçilik etdiyi adama zülm etməz.

80. Sevdiyi və ya hörmət etdiyi adamla əlaqədar günaha düşməz.

81. Haqsızlıq və təcavüz etməz. (Yəni hər bir işin həddini bilir, həddi aşmır.)

82. Ürəyi istədiyi hər bir şeyi etməz.

83. Allaha möhtac olmaq onun şüarıdır. (hər istəyini Allahda görür)

84. Paltarı səbirdir. (Yəni bütün vücudu səbirdir.)

85. Xərci və zəhməti azdır. (Yəni yaşayış xərclərini asan tutur. Bahalı şeylərə aludə deyil)

86. Çoxlu oruc tutur.

87. Qiyamları uzun olur. (Yəni mənəvi işlər və ibadətləri tələskənliklə etməz.)

88. Yuxusu azdır.

(Burda deyilən az çoxun qarşısında olan azdır. Yəni, yuxusu çox deyil.)

89. Qəlbi təqvalıdır. (İmanlıdır, Allaha qarşı çıxmağa qorxandır, günah etməyə çəkinəndir.)

90. Elmi saflaşmışdır.

(Yəni faydasız şeylərlə beynini doldurmayıb. Bildiklərinın hamısı lazımlı biliklərdir.)

91. Əlinə qüdrət yetişəndə əfv edər.

92. Vədə verdikdə sözünə vəfalı olar. (Yəni əhdinə vəfa edəndir.)

93. Həvəslə, rəğbətlə oruc tutar. (yəni oruc tutmaqdan həzz alar.)

94. Qorxu ilə namaz qılar. (Yənigünahları ilə əlaqədar gələcəkdən(qiyamətdən) qorxar.

95. Yaxşı işi elə görər ki, sanki onun o işini görürlər.

( insan bir iş edəndə insanların gözü qarşısında daha yaxşı edir, amma tək olduğunda adi bir şəkildə edər.)

96. Gözlərini haram şeylərdən bağlayıb.

97. Səxavət əli açıqdır və heç bir ehtiyaclını rədd etmir.

98. Dostları ilə rabitəsi həmişə var. (Yəni, vaxtaşırı bütün dostlarıyla əlaqə saxlayır)

99. Yaxşılıqları ardıcıldır.

(Yəni daim yaxşılıq etməyə həvəslidir, xeyir işdən yorulmaz.)

100. Sözləri bəzəkli və dili qorunmuşdur.

(Yəni danışanda gözəl sözlərlə danışar və dilini də çirkin sözlərdən qoruyar.)

101. Dostunun batil işini qəbul etməz, düşməninin də yaxşı işini inkar etməz.

102. Düşmənçilikdə dərinə getməz, dostluqda isə özünü həlak etməz.

(Yəni bütün fikrini, işini gücünü düşmənçiliyə sərf etməz, dostuna görə də günaha düşməz, özünü rüsvay etməz, dostuna görə kiməsə böhtan atmaz.)

103. Öyrənər ki, bilsin və bilər ki, əməl etsin.
(Rza Əzizoğlu İrəvani) 

baxılıb: 1864 dəfə