Ədəb və Mədəniyyət

Allaha təvəkkül etməyin səmərəsi

Qurani-kərim İbrahim surəsinin 11-ci ayəsində buyurur:

وَ عَلىَ اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ

 

“İmanlı insanlar gərək yalnız Allaha təvəkkül etsinlər.”

.

Təvəkkül, yəni Allah Taalaya etimad eləmək və Allahı özünün dayağı bilmək.

Stolun üstündə olan metal qaba yaxud ləyənə bir zərbə dəydikdə onun titrəyişi bir müddət davam edəcək, ancaq həmin qabı əliniz ilə tutub ona zərbə vursanız o qabın titrəyişi olmayacaq.

Əgər bir insanın dayağı və söykənəcəyi yoxdursa, yəni Allah Taala onu tutmayıbsa həyatdan ona dəyən hər zərbədə həmin şəxs öz aramlıq və dincliyini əldən verəcək, o zərbənin təsirindən başını itirəcək, iztirab, narahatlıq və ruh düşkünlüyünə düçar olacaq.

Ancaq Allah Taalaya təvəkkül edərək Ona arxalanan, yəni Allahın tutduğu şəxs həyat zərbələrinin heç birində özünü itirməyəcək, iztirab və ruh düşkünlüyünə düçar olmayacaq, rahatlıq və dincliyini əldən verməyəcəkdir.

Allaha təvəkkül etmək, susub gizlənmək yaxud hərəkətsiz durmaq deyil. Təvəkkül mübarizə ruhunun bir hissəsidir. Kim Allaha təvəkkül edirsə deməli, həmin şəxs meydandadır. Qurani-kərimə baxın, Nuh peyğəmbərə düşmənləri ölüm hədə qorxusu edirlər, ancaq Nuh deyir ki, Mən sizdən qorxmuram çinki Allaha təvəkkül etmişəm. Yunus surəsi 71-ci ayədə oxuyuruq:

 

إِذْ قَالَ لِقَوْمِهِ يَاقَوْمِ إِن كاَنَ كَبرُ عَلَيْكمُ مَّقَامِى وَ تَذْكِيرِى بِايَاتِ اللَّهِ فَعَلىَ اللَّهِ تَوَكَّلْتُ فَأَجْمِعُواْ أَمْرَكُمْ وَ شُرَكاَءَكُمْ ثُمَّ لَا يَكُنْ أَمْرُكُمْ عَلَيْكمُ‏ْ غُمَّةً ثُمَّ اقْضُواْ إِلىَ‏َّ وَ لَا تُنظِرُونِ

 

“Ey mənim qövmüm! Əgər mənim sizin aranızda qalmağım (peyğəmbərliyim) və Allahın ayələri ilə öyüd-nəsihət verməyim sizə ağır gəlirsə (istədiyinizi edin, mən sizdən qorxmuram), çünki mən Allaha təvəkkül edirəm (dayağım Odur), elə isə şəriklərinizlə birlikdə mənim əleyhimə qərar çıxarın ki, görəcəyiniz iş gizli qalmasın, sonra (bacarsanız) mənə heç bir möhlət vermədən işimi bitirin.”

Gödüyünüz kimi Nuh peyğəmbər düşmənlərin qarşısına çıxaraq deyir ki, mən sizdən qorxmuram, kimlərlə istəsəniz birləşin və mənim üstümə gəlin, istədiyinizi edin, mənim təvəkkülüm Allahadır, mənim etimadım Allahadır.

İmam Hüseyn əleyhissalam aşura günü döyüşün başlanma ərəfəsində otuz minlik düşmən ordusunun qarşısında Allahdan başqa heç kimdən və heç nədən qorxmadığını, onun yeganə dayağının Allah olduğunu və buna görə də mövcud vəziyyətdən heç bir narahatlıq keçirmədiyini bildirdi və sonra buyurdu:

إِنِّی تَوَکَّلْتُ عَلَى اللَّهِ رَبِّی وَ رَبِّکُم

“Şübhəsiz mən Allaha təvəkkül etmişəm, (o Allaha ki,) mənim Rəbbim və sizin Rəbbinizdir.”

Biharul-ənvar 45-ci cild 9-cu səhifə

Bəli, Allah Taalaya təvəkkül edən, Ona söykənən, Onu özünün dayağı bilən və həyatda yeganə təsiredicinin Allah olduğuna inanan şəxs heç bir həyat hadisəsində öz asayiş və dincliyini itirmir. Ancaq Allahdan başqasına söykənən və Allahdan başqalarını təsiredici bilən insan öz rahatlıq və asayişini itirməklə ruh düşkünlüyünə düçar olur, bundan əlavə belə adam gec-tez xar və zəlil olur.

baxılıb: 223 dəfə