Əxlaqi Problemlərin müalicəsi

Zəifliyin səbəbləri

NƏ ÜÇÜN BƏZƏN MƏNƏVİ MƏSƏLƏLƏRDƏ ZƏİFLƏYİRİK VƏ İMANIMIZ AZALIR?!

İnsan tövbə edərək İlahi yola qədəm qoyduqda var gücü və tam həvəsi ilə ibadətlərə başlayır. Amma zaman keçdikcə insanların bəzilərində soyuma ya da sanki inamın azlığı müşahidə edilir. Bunun səbəbləri çoxdur, o cümlədən:

1- İnsanın Allah Taala yolunda sabit və fərəhli qalmasına əsas səbəblərdən biri ətrafındakı insanlardır. Yaxşı və imanlı-əxlaqlı dostları olan şəxs İlahi yolda hamişə güclü və iradəli olur. Amma dostları imandan və ya əxlaqdan uzaq olan insan tədriclə öz imanında sönüklük müşahidə edir.
Buna görə də çalışın ətrafınızda əxlaqlı və imanlı dostlar olsunlar.

2- İnsanın ruhu telefonun batareyası kimidir, güc azaldıqca onu necə deyərlər zaryadkaya qoymaq lazımdır. Yoxsa telefon işləməyəcək. İnsan da belədir. İnsanın zaryadkası yəni gücü Moizədir. İnsan əxlaqi moizədən uzaq olduqca onun ruhunda güc zəifliyi əmələ gəlir ki, bu da insanın özündə İbadət və İtaətlərə süstlük və tənbəllik gətirir, ruh düşkünlüyü yaranır.
Çalışın vaxtaşırı moizələr dinləyin, Qurani-Kərimi düşünərək oxuyun…

3- Günah əməllər istər qulaq asmaqla olsun, istər danışmaqla, istər baxmaqla, istər eməklə... insanın ruhunu zəiflədir, insandan mənəvi gücü alır.
Çalışın əməl və hərəkətlərinizə nəzarət edəsiniz ki, günah etməyəsiniz. Əxlaq elmində buna "müraqibə" (özünüqoruma) deyilir, müraqibə, yəni insan öz zahir və batininə elə nəzərət etsin ki, yaxşı əməllərini və savablarını puç edən heç bir hərəkətə (düşüncə, danışıq, rəftar) yol verməsin. 
Bunun üçün yaxşı olar ki, bütün günahların siyahısını bir yerə yazın, baxın görün o günahların hansılarını edirsinizsə həmin günahlardan uzaq olmağa çalışın.

4- Dünyəvi məsələlərə və maddiyyata həddindən çox bağlanmaq və aludə olmaq insanı İlahi məsuliyyətlərdən uzaqlaşdırır, axirətə inamı azaldır.
Yadımızda olsun ki, dünya müvəqqəti və aldadıcıdır, dünyanın hər şeyi müvəqqətidir, və ən əsası, haram mal ilə və günah ilə axirət savabı qazanmaq olmaz.
Çalışın dünya işləriniz ilə axirət işləri arasında tərəzinin iki gözü kimi mötədillik yaradasınız.

5- Dua etmək insana fövqəladə bir güc gətirir, Allah Taalaya çoxlu dua edin, sizi düşdüyünüz vəziyyətdən çıxarması üçün Allah Taaladan yardım istəyin. Dua etməyin ən gözəl vaxtı gecənin axır saatıdır.

6- İnsan hər an iki yol ayrıcındadır. Hətta ən kiçik mövzularda belə ikili yolun ayrıcında özümüzü görürük. Bunun üçün insanın daima bir yol göstərənə ehtiyacı vardır. 
İmam Zeynul Abidin əleyhissalam buyurur:

هَلَكَ مَن لَيسَ لَهُ حَكيمٌ يُرشِدُهُ

"(Mənəvi-əxlaqi) tərəqqi yollarını göstərmək üçün mürşidi (ustadı) olmayan şəxs həlak olar."
Biharul-ənvar 75-ci cild 159-cu səhifə

baxılıb: 118 dəfə